
>>>>>>
DOKUTAM
DokuShorts Mükafatçıları – DokuBaku 2025
Əsas Mükafat: iMystic
Münsiflərin Qeydi
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı DokuShorts kateqoriyası üzrə qalibləri elan etməkdən qürur duyur.
Biz hamımız yaradıcıyıq — hər birimizdə yaradıcılıq qığılcımı var. Əminliklə deyə bilərəm ki, böyük yaradıcılıq dünyasına gedən yol ilk addımdan başlayır və kinematoqrafiyada bu ilk addım qısametrajlı filmdir. Rejissor kimi ilk filminizi çəkdikdən sonra potensialınızı kəşf edir və növbəti addımı atmaq üçün özünüzə inam qazanırsınız. Məhz buna görə festivalımız qısametrajlı filmlərə və bu kateqoriyaya xüsusi önəm verir.
İndi isə sizi DokuBaku 2025-in DokuShorts bölməsinin qalibləri ilə tanış edirik.
Bütün qalibləri səmimi qəlbdən təbrik edir, yaradıcılıq yollarında uğurlar arzulayırıq. Ümid edirik ki, onların gələcək işləri tamaşaçıları ilhamlandıracaq və kosmik vətəndaşlıq duyğusunu onlarda oyada biləcək.

Əsas DokuShorts Mükafatı — iMystic
Üzüm Mövsümü| Ebrahim Hesari | İran | 0:25:00
Münsiflərin Qeydi:
Ebrahim Hesarinin rejissoru olduğu “Üzüm Mövsümü” pandemiya dövrünün çətinlikləri fonunda insan ruhunun incə və dərin təzahürünü əks etdirir. Film ölüm qorxusu ilə ümidin dirənişi arasında zərif bir tarazlıq yaradır. Yumor və səmimi anlar vasitəsilə təcrid dövründə belə insan əlaqələrinin istiliyini nümayiş etdirir. Sakit, lakin təsirli bir dillə “Üzüm Mövsümü” mərhəmət və qayğının ilahi aləmin qapılarını açdığını xatırladır — bu da builki festivalın 5DWORLDHYPERDIVINEMATR3X mövzusu ilə dərindən səsləşir.

Münsiflərin Qeydi
Ölməyə Hazır | Basilio Maritano Sailer | Almaniya | 0:29:57
Münsiflərin Qeydi:
Film həyat, ölüm, tale və özünü dərk mövzularına dərindən bir toxunuş edir. Alman və İtalyan mədəniyyətlərinin kəsişməsində baş verən hadisələr unikal bir atmosfer yaradır. Filmin mərkəzində iki dünya — Almaniya və İtaliya — arasında qalan gənc bir oğlanın taleyüklü seçimi dayanır. Dram və triller elementlərini birləşdirərək, film hər qərarın həlledici ola biləcəyi gərgin bir mühit qurur və ənənəvi alman dəyərləri ilə emosional italyan mədəniyyəti arasındakı toqquşmanı tədqiq edir.

Mətin | Sam Soleymani | İran | 0:29:46
Münsiflərin Qeyd:
“Mətin” səmimi səsi və sənədli üslubuna sadiqliyi ilə seçilən güclü bir filmdir. Hər səhnə ustalıqla qurulmuşdur və sənədli janrın prinsiplərinə tam uyğundur. Uzaq bir bölgədə yerləşən it sığınacağında çəkilmiş film bu məkanı ailə və cəmiyyət problemlərinin metaforasına çevirir. Həm işıqlı, həm də qaranlıq enerjisi ilə tamaşaçını düşündürür və şəxsi, həm də ictimai dəyişiklik barədə suallar doğurur.
DokuShorts Münsiflər Heyətinə — Leyli Salayeva, Kazuhiko Mizushina və Əli-Səttar Quliyevə — səmimi təşəkkürümüzü bildiririk. Onların əməyi və dəyərli fikirləri bu seçim prosesini daha da zənginləşdirdi.